Avropa İttifaqı, Şərqi tərəfdaşlıq ölkələri daxil aşağı və orta gəlirli ölkələrə COVID-19 virusuna qarşı peyvəndlərin təmin olunması üçün COVAX proqramına əlavə 500 milyon avro ayırıb

26-02-2021
Photo: European Union
Photo: European Union

Fevralın 19-da Avropa İttifaqı COVAX Proqramına əlavə olaraq 500 milyon avro ayırdığını elan edib və bununla da ittifaq bu günə qədər aşağı və orta gəlirli ölkələrin COVID-19 virusuna qarşı təhlükəsiz və səmərəli peyvəndlərlə ədalətli və şəffaf şəkildə təmin olunmasına yönəlmiş qlobal təşəbbüsə verdiyi töhfəni iki qat artırıb. Bu yeni yardımı ilə Avropa İttifaqı 2021-ci ilin sonuna qədər Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxil olmaqla 92 aşağı və orta gəlirli ölkəyə 1,3 milyard doza peyvənd göndərməyi nəzərə tutan COVAX proqramını məqsədinə daha da yaxınlaşdırıb. "Team Europe" təşəbbüsü 2,2 milyard avrodan artıq yardımı ilə COVAX Proqramının əsas ianəçilərindən biridir. Buraya keçən həftə Almaniya tərəfindən adı çəkilən proqrama ayrılan daha 900 milyon avro həcmində ianə də daxildir.

 “Keçən il, koronavirusa qarşı qlobal mübarizə tədbirləri çərçivəsində planetimizdə peyvəndlərə ehtiyacı olan hər kəsin həmin peyvəndlərə universal çıxış imkanını təmin etməyi vəd etdik. Bu məqsədə çatmaqda COVAX ən uyğun vasitədir”. Bu sözləri G7 liderlərinin virtual iclasında Aİ-nin yeni yardımı barədə danışan Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bildirib. “Məhz bu səbəbdən biz Avropa Komissiyasının COVAX proqramına yardımını ikiqat artıraraq 1 milyard avroya çatdırdıq. Maliyyə yardımını artırmaqda məqsədimiz peyvəndlərin qısa zaman ərzində aşağı və orta gəlirli ölkələrə çatdırılmasını təmin etməkdir. Çünki yalnız bütün dünya salamat olduğu təqdirdə biz salamat ola bilərik”.

İttifaqın yeni yardımı, Aİ-nin 300 milyon avro həcmində yeni qrantından və Avropa İnvestisiya Bankı (AİB) tərəfindən dəstəklənəcək və Dayanıqlı İnkişaf üçün Avropa Fondu plus (EFSD+) tərəfindən zəmanət şəklində təqdim olunan 200 milyon avro həcmində maliyyə yardımından ibarətdir. Bunun üçün Avropa İttifaqı Şurası və Avropa Parlamenti tərəfindən Qonşuluq, İnkişaf və Beynəlxalq Əməkdaşlıq Alətinin (NDICI) qəbul edilməsi tələb olunur. Bundan başqa, EFSD+ zəmanəti ilə AİB tərəfindən veriləcək kredit, AİB-in İdarə Heyəti tərəfindən təsdiq olunmalıdır. Bu vəsaitlər daha əvvəl ayrılan 100 milyon avro həcmində qrantı və Aİ büdcəsindən 400 milyon avro dəyərində zəmanəti tamamlayacaq.

Bu günə qədər COVAX proqramında ümumilikdə 191 ölkə iştirak edir və onlardan 92-si "Gavi COVAX Advance Market Commitment" (AMC) vasitəsilə COVID-19 virusuna qarşı peyvəndlərdən yararlanmaq hüququ olan aşağı və orta gəlirli ölkələrdir.

COVAX proqramı, 2021-ci ilin sonuna qədər aşağı və orta gəlirli ölkələr üçün azı 1,3 milyard doza daxil olmaqla 2 milyard doza peyvənd almağı hədəfləyir. Bu, fərqli tədarükçülərlə razılaşdırılmış və fərqli elmi texnologiyaları, çatdırılma müddətlərini və qiymətləri əhatə edən şaxələndirilmiş peyvənd portfelinin yaradılmasına kömək edəcək. Peyvəndlər UNICEF-in satınalma bölməsi və PAHO-nun Peyvəndlərə Çıxış üzrə Dövriyyə Fondu tərəfindən satın alınacaq və ölkələrə göndəriləcək. 

2020-ci il mayın 4-dən etibarən Avropa Komissiyası və onun tərəfdaşları birlikdə Koronavirusa qarşı qlobal mübarizə, testlərə, müalicə və koronavirusa qarşı peyvəndlərə universal çıxışa və qlobal səviyyədə xəstəlikdən qurtulma üçün dəstək məqsədilə həyata keçirilən qlobal hərəkat çərçivəsində təxminən 16 milyard avro toplamağa kömək edib. "Team Europe" təşəbbüsünün ianəçiləri bunlardır: Aİ-yə üzv dövlətlər (3,1 milyard avro), Avropa Komissiyası (1,4 milyard avrodan artıq) və AİB (may ayında təxminən 2 milyard avro, iyun ayında isə 4,9 milyard avro). 

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Aİ-nin koranavirusa qarşı qlobal mübarizə tədbirləri