Aİ tərəfindən maliyyələşdirilən “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi Azərbaycanda peşə təhsilinin müasirləşdirilməsinə yönəlib

19-02-2021
Photo: European Union
Photo: European Union

Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Azərbaycan Respublikası Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi Azərbaycanda peşə təhsilinin müasirləşdirilməsi istiqamətində 5,6 milyon avro dəyərində yeni layihənin icrasına başlayıb.

Aİ-nin "Məşğulluq üçün təhsil" proqramı çərçivəsində maliyyələşdirdiyi və BMTİP-nin həyata keçirdiyi bu dörd illik layihə əmək bazarının mövcud ehtiyaclarına uyğun tədrisin təşkili məqsədilə peşə təhsili müəssisələrinin müasirləşdirilməsində Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə dəstək olacaq.

“Peşə təhsili iqtisadiyyatın gələcəyi baxımından, həmçinin əmək bazarı, təhsil təminatı və iqtisadiyyat arasında olan məqsədyönlü əlaqənin qurulması baxımından böyük əhəmiyyətə malikdir". Bunu layihənin onlayn qaydada rəsmi açılışında Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev deyib.

Peşə təhsili və təlimi üzrə bizim bu yeni proqram Azərbaycanda insan kapitalı üçün edilən əsaslı sərmayədir. Həqiqətən burada vacib olan – insanların təhsili, onların yaradıcılığı, motivasiyası və rifahıdır. Azərbaycandakı gənclərin və onların valideynlərinin ölkədə peşə təhsili və təlimini son çarə kimi deyil, onlara lazımi həyati bacarıqları, gələcəkdə yaxşı iş və layiqli həyat təmin edəcək fürsət olaraq görmələrini istəyirik”. Bunu Aİ-nin Azərbaycandakı səfiri Kəstutis Yankauskas qeyd edib.

Layihə innovasiya və rəqəmsallaşdırmanın tətbiqi, dayanıqlı və gələcək bacarıqlar üzrə konsepsiyaların inteqrasiyası; layihə üzrə seçilmiş yeddi peşə təhsili müəssisəsində avadanlıq və infrastrukturun müasirləşdirilməsi, eləcə də peşə təhsili müəssisələri arasında şəbəkələrin qurulması və potensialının artırılması sahələrində fəaliyyət göstərəcək. Bu yeni layihə ilə ölkə daxilində 3000-dən çox şəxs peşə təhsil müəssisələrinin müasirləşdirilməsindən birbaşa faydalanacaq.

Daha çox öyrən

Mətbuat üçün açıqlama